Rusiyanın beynəlxalq axtarışa verdiyi "Telegram" platformasının həmtəsisçisi Pavel Durovun Fransa və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ekstradisiya olunması ehtimalı olduqca aşağı qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a vəkil Kaloy Axilqov açıqlama verib.
Onun sözlərinə görə, Durovun beynəlxalq axtarışa verilməsi avtomatik olaraq İnterpolun "qırmızı bildiriş" mexanizminin tətbiqi demək deyil.
"Burada hər şey o qədər də birmənalı deyil. İnterpolun nizamnaməsi siyasi xarakterli işlərə müdaxiləni qadağan edir və belə hallarda "qırmızı bildiriş"lər əksər hallarda dərc edilmir. Bundan əlavə, Pavel Durov Fransa vətəndaşıdır və Fransa öz vətəndaşlarını başqa ölkələrə ekstradisiya etmir", - deyə hüquqşünas bildirib.
Kaloy Axilqov əlavə edib ki, BƏƏ Konstitusiyası da ölkə vətəndaşlarının xarici dövlətlərə ekstradisiyasını qadağan edir.
Bundan əvvəl fransalı vəkil Filip de Vel də TASS-a açıqlamasında oxşar mövqe sərgiləyib. O bildirib ki, Rusiya İnterpol vasitəsilə Durov barəsində beynəlxalq həbs orderinin verilməsinə nail olsa belə, həmin qərar Fransada dərhal icra olunmayacaq.
Qeyd edək ki, Pavel Durov Rusiya və Fransa ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, həmçinin Sent-Kits və Nevis vətəndaşlığına da malikdir.
"Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov Rusiyada terror fəaliyyətinə yardım etməkdə təqsirləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzi tərəfindən açıqlama verilib. Bildirilib ki, onun beynəlxalq axtarışa verilməsi üçün müvafiq prosedurlara start verilib.
"İstintaqı davam edən cinayət işi çərçivəsində "Telegram"ın rəhbəri P.Durova Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci bəndi (terror fəaliyyətinə dəstək vermə) üzrə cinayət tərkibi əlamətlərinə əsasən ittiham elan edilib, o, beynəlxalq axtarışa verilir", - deyə mərkəzin məlumatında vurğulanıb.
Açıqlamada qeyd olunur ki, Rusiya qanunlarının tələblərini pozan "Telegram" administrasiyası Ukrayna xüsusi xidmət orqanları, eləcə də ekstremist və terror təşkilatları tərəfindən Rusiya ərazisində təxribat-terror aktlarının, kütləvi qətllərin planlaşdırılması və koordinasiyası, kiberdələduzluq məqsədilə aktiv şəkildə istifadə edilən çoxsaylı kanal, çat və botları silməyib. Bunun nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla xeyli sayda insan itkisi baş verib, eyni zamanda, çoxmilyardlıq maddi ziyan qeydə alınıb.