Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Qalaktikanın cazibə qüvvəsinin fəzanı necə əydiyini göstərən nadir GÖRÜNTÜ qeydə alındı](https://images.oxu.az/2025/02/10/ubS4EhYjl4OR5X1zEpYV2ZfhbYWKpIuMfB75cgnM:1200.webp)
Qalaktikanın cazibə qüvvəsinin fəzanı necə əydiyini göstərən nadir GÖRÜNTÜ qeydə alındı
"Evklid" kosmik teleskopu qalaktikanın cazibə qüvvəsinin təsiri altında fəzanın necə əyildiyini göstərən nadir hadisəni - Eynşteyn halqasının görüntüsünü çəkib.
Oxu.Az bu barədə BBC-yə istinadla xəbər verir.
Bildirilir ki, kadrda NGC 6505 qalaktikası əks olunub. Onun ətrafı sanki ideal işıq halqası ilə əhatə olunub. Əslində bu, NGC 6505-in arxasında yerləşən və cazibə qüvvəsinin təsiri altında əyilərək parlaq halqa əmələ gətirən başqa bir qalaktikanın işığıdır.
"Bu qədər mükəmməl Eynşteyn halqasına çox nadir hallarda rast gəlinir. Biz arxa plandakı qalaktikanı ön plandakı qalaktika tərəfindən güclü şəkildə əyilmiş fəza və zaman vasitəsilə görürük. Eynşteyn halqası güclü qravitasiya linzalanmasının bir nümunəsidir", - deyə alimlər bildiriblər.
Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, kosmosda olan kütləvi obyektlər yaxınlıqdan keçən işığın əyilməsinə səbəb olur. Beləliklə, qalaktikalar nəhəng linzalar kimi fəaliyyət göstərir.
Eynşteyn halqası astronomlar üçün çox faydalı alətdir, çünki onlar başqa cür görünməyən obyektləri göstərir. Onlar həmçinin linza rolunu oynayan qalaktikanın kütləsini - o cümlədən qaranlıq maddə şəklində olan gizli kütləsini qiymətləndirmək imkanı verir.
Bu halda, astronomların hesablamalarına görə, NGC 6505 qalaktikası təxminən 11% qaranlıq maddədən ibarətdir. NGC 6505 qalaktikası Yerdən təxminən 590 milyon işıq ili məsafədə, halqa şəklində müşahidə etdiyimiz adsız qalaktika isə 4.42 milyard işıq ili məsafədə yerləşir.
Kainatın kütləsinin təxminən 95%-ni təşkil edən qaranlıq maddə və qaranlıq enerjinin sirlərinin axtarışı 2023-cü ildə Avropa Kosmik Agentliyi tərəfindən buraxılmış "Evklid" teleskopunun əsas missiyasıdır. 1 milyard avroya başa gələn layihə kainatın bu günə qədər ən dəqiq üçölçülü xəritəsini yaratmalıdır.
Teleskop 10 milyard işıq ili məsafəsinə qədər qalaktikaları aşkar etmək və Kainatın genişlənməsinin sürətlənməsini çox dəqiq ölçmək qabiliyyətinə malikdir. Bu, astronomlara kainatın genişlənməsini sürətləndirən qaranlıq enerjinin təsirini müəyyən etməyə imkan verəcək.
Rəylər