Qazaxıstanla vizasız rejimə malik ölkələrin vətəndaşları bundan sonra respublikaya daxil olmaq üçün xüsusi elektron icazə almalı olacaqlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "RİA Novosti"yə giriş icazəsinin rəsmiləşdirildiyi QazETA (Kazakhstan Electronic Travel Authorization) rəqəmsal platformasının nümayəndəsi məlumat verib.
Bildirilir ki, noyabrın 1-dən etibarən sözügedən icazə beynəlxalq aviareyslərin sərnişinləri üçün məcburi xarakter daşıyacaq. Noyabrın 15-dən etibarən Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmayan ölkələrin sərhədlərindən avtomobillə daxil olanlardan, noyabrın 30-dan isə Aİİ ölkələrinin sərhədlərindən nəqliyyat vasitəsi ilə gələnlərdən bu sənəd tələb ediləcək. Dekabrın 15-dən isə qatar sərnişinləri və Qazaxıstana dəniz limanları vasitəsilə gələn şəxslər icazəni təqdim etməli olacaqlar.
Qeyd olunan elektron icazə 180 gün ərzində etibarlı sayılacaq və Qazaxıstana bir neçə dəfə səfər etmək imkanı verəcək. Vurğulanır ki, icazənin rəsmiləşdirilməsi üçün tələb olunan məbləğ bütün dövlətlərin vətəndaşları üçün eyni olacaq. Hazırda rüsumun miqdarı razılaşdırma mərhələsindədir. Noyabrın 1-dək QazETA sistemi pilot rejimində fəaliyyət göstərir və hələlik icazənin olmaması ölkəyə girişdən imtina üçün əsas hesab edilmir.