Qazaxıstan hüquq-mühafizə orqanları sosial şəbəkələrdə "Maxa.dxb" adı ilə məşhurlaşan bloqer Mahmud Hikmətovu beynəlxalq axtarışa verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Gov.kz saytı dərc edib.
Özbəkistan vətəndaşı olan 26 yaşlı M.Hikmətov qeyri-qanuni fəaliyyət göstərən onlayn kazinoların təbliğatını aparmaqda ittiham edilir. Artıq məhkəmə instansiyası tərəfindən onun barəsində qiyabi həbs qərarı çıxarılıb.
Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin məlumatına görə, mərc oyunlarının təşkili üçün xüsusi mexanizm yaradılıb. Mexanizmə interfeysin hazırlanması, mobil hesablaşmalar, kriptovalyuta əməliyyatları, ekvayrinq xidmətləri və yeni istifadəçilərin cəlbi üçün genişmiqyaslı reklam tədbirləri daxil edilib.
Axtarışda olan şəxsin əsas rolu yerli qazaxıstanlı bloqerləri qeyri-qanuni kazinonun təbliğatına cəlb etməkdən ibarət olub. O, reklam xərclərini müəyyənləşdirmək üçün həmin şəxslərdən auditoriyanın coğrafi yerləşməsi, yaş qrupu və izlənmə statistikası barədə məlumatlar tələb edib. İstintaqın gəldiyi qənaətə görə, qanunsuz şəbəkəyə ümumilikdə 35-dən çox bloqer cəlb olunub.
Sözügedən qanunsuz fəaliyyətdə iştirak edən şəxslərdən biri də bloqer Qamza Q. olub. O, öz populyarlığından istifadə edərək kazinoya aid xüsusi referal bağlantılar yayımlayıb və sayta daxil olan hər istifadəçiyə görə qazanc əldə edib.
Qeyd edək ki, avqustun 6-da Qamza Q. Vyetnamdan Qazaxıstana ekstradisiya edilib.