Yaxın Şərq regionunda baş verən toqquşmaların yaratdığı ümumdünya enerji böhranı yay fəslinin gəlişi ilə özünün yeni mərhələsinə daxil olur.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 80-dək dövlət öz iqtisadiyyatını mühafizə etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib. "Aberdeen" idarəedici şirkətinin baş iqtisadçısı Pol Diqql nəşrə açıqlamasında bildirib ki, "Brent" markalı neftin bir barelinin qiyməti 180 dollara qədər yüksələ bilər.
İnsanların xarici səyahətlərə çıxması və kondisionerlərdən istifadəyə artan tələbatı neft, dizel, eləcə də aviasiya yanacağının tədarükü ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Qəzet qeyd edir ki, iqtisadçılar qlobal ehtiyatların müşahidə tarixində ən sürətli şəkildə tükənməsi səbəbindən neft qiymətlərində növbəti kəskin artım ehtimalının olduğunu vurğulayıblar.
Nəşrin istinad etdiyi Avropa Komissiyasının nəqliyyat və turizm üzrə komissarı Apostolos Sitsikostas qeyd edib ki, əgər Yaxın Şərqdəki münaqişə yaxın həftələrdə öz həllini tapmazsa, bu halda qlobal tənəzzül qaçılmaz ola bilər.