Qvineya-Bisauda prezidentin hərbi idarəsinə rəhbərlik edən briqada generalı Denis N'Kanya ordunun ölkədə hakimiyyəti ələ keçirdiyini elan edib.
Oxu.Az xəbər verir ki, o bu barədə milli televiziyada çıxış edib.
"Bütün dövlət qurumlarının fəaliyyəti dayandırılıb", - deyə general bəyan edib. N'Kanya ölkədə fəaliyyət göstərən narkobaronların iştirakı ilə Qvineya-Bisauda sabitliyi pozmaq planını aşkarladığını bildirib.
Hərbçi ölkə sərhədlərinin bağlandığını, bütün media orqanlarının fəaliyyətinin dayandırıldığını və komendant saatının tətbiq olunduğunu açıqlayıb.
Həmçinin 23 noyabrda keçirilən prezident və parlament seçkisində toplanmış səslərin sayılması dayandırılıb. Seçkilərdə iştirak edən və ikinci müddət üçün yenidən seçilmək istəyən prezident Umaru Sisoko Embalo və bir sıra yüksəkrütbəli zabitlər saxlanılıblar.

Qvineya-Bisauda dövlət çevrilişi baş verib. Məlumata görə, ölkə Prezidenti Umaru Sisoko Embalo hərbçilər tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə prezidentin özü "Jeune Afrique" nəşrinə zəng edərək məlumat verib.
Onun sözlərinə görə, çevriliş Ordu Baş Qərargah rəisi tərəfindən təşkil edilib. Həbs prezidentin öz kabinetində baş verib.
Bildirilir ki, prezident sarayı və Milli Seçki Komissiyası yaxınlığında silah səsləri eşidilib. Hərbi geyimli şəxslər ölkənin paytaxtı Bisauda yerləşən saraya aparan əsas yolu nəzarətə götürüblər.
Ümumilkdə vəziyyət qeyri-müəyyən olaraq qalır.