İranın keçmiş prezidenti Həsən Ruhani ölkədə müharibənin davam etdirilməsini dəstəkləyən bəzi şəxslərin mövqeyini tənqid edərək bildirib ki, bir qrup müharibənin kəskinləşməsi və genişlənməsinin İmam Zamanın zühurunu sürətləndirə biləcəyinə inanır və bu səbəbdən münaqişənin davam etməsini dəstəkləyir.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Bu cür baxışları "əcaib və qəribə fikirlər" adlandıran Ruhani deyib:
"Elə bir azlıq var ki, deyir: "Əgər bu müharibə kəskinləşsə və genişlənsə, İmam Zaman daha tez zühur edər və İmamın zühuru üçün müharibəni şiddətləndirməliyik".
O bu şəxslərin mövqeyini "cahillik" və ya "fırıldaqçılıq" kimi xarakterizə edərək əlavə edib ki, başqa bir qrup isə iqtisadi maraqlarına görə gərginliyin və böhranın davam etməsindən məmnundur.
Ruhaninin sözlərinə görə, "sanksiya alverçiləri" də müharibənin və xaosun davam etməsindən mənfəət götürə biləcək şəxslər sırasındadırlar.
Keçmiş prezident əlavə edib ki, bəzi insanların beynində başqa xəyallar var və onlar dünyanı fəth etmək, öz nüfuzlarını genişləndirmək həvəsində olduqlarını düşünürlər.