Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Federasiyası ilə ikitərəfli əlaqələrdə bir sıra ciddi problemlərin mövcudluğunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Biz fəaliyyətimizi davam etdiririk və Bişkekdəki danışıqlar zamanı Rusiya ilə əldə etdiyimiz razılaşmaya əsasən, Ermənistan-Rusiya münasibətlərinin "inventarizasiyası"nı həyata keçiririk, onların hansı təbəqələrdən ibarət olduğunu araşdırırıq. Bunun səbəbi odur ki, qəfildən hər hansı bir məsələ, məsələn, dəmir yolu problemi ortaya çıxır və biz hər şeyi unudaraq diqqətimizi yalnız buna yönəldirik. Daha sonra isə qaz məsələsi gündəmə gəlir. Ermənistan və Rusiya əlaqələri çoxşaxəlidir və bu sahələrdə çox sayda çətinlik, sual, eləcə də imkan mövcuddur. Biz onlara bütövlükdə yanaşırıq. Bəli, hazırda bu "inventarizasiya" prosesi davam edir və müvafiq müzakirələr aparılır və ya başlanılır", - deyə o, keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
Xatırladaq ki, daha əvvəl N.Paşinyan sentyabrın 2-də Bişkek görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan-Rusiya əlaqələrinin "inventarizasiyası" barədə ortaq məxrəcə gəldiklərini bəyan etmişdi.