Yaxın vaxtlarda Rusiya və Ukrayna əsirlərin növbəti mərhələdə mübadiləsi ilə bağlı razılaşmaları möhkəmləndirmək üçün texniki məsləhətləşmələrə başlayacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rustem Umerov öz "Telegram" kanalında paylaşm edib.
"Ukrayna prezidentinin tapşırığı ilə mən son günlərdə Türkiyə və BƏƏ-dəki tərəfdaşların vasitəçiliyilə Rusiya ilə əsir mübadiləsi prosesinin bərpası və saxlanılan şəxslərin geri qaytarılması ilə bağlı məsləhətləşmələr apardım. Bu danışıqların nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirməyə razılaşdılar", - deyə paylaşımda qeyd olunub.
Umerov vurğulayıb ki, tərəflər yaxın vaxtlarda bütün prosedur və təşkilati məsələləri möhkəmləndirmək üçün texniki məsləhətləşmələr keçirəcəklər.
Onun sözlərinə görə, söhbət Yeni ilədək 1 200 ukraynalı hərbi əsirin geri qaytarılmasından gedir.