Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov terrorçular və ekstremistlər siyahısına əlavə edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Rosfinmonitorinq"in rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, ötən ilin noyabr ayında "Rusiya veteranları" hərəkatının iştirakçıları Baş Prokurorluğa müraciət edərək, Kasyanovun Moskvanın mərkəzindəki 700 milyon rubl (təxminən, 15 milyon manat) dəyərində mənzilinin müsadirə edilməsini tələb ediblər.
Elə həmin ay keçmiş baş nazir xarici agentlərin fəaliyyəti haqqında qanunu pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Moskvanın Taqanski Rayon Məhkəməsi onu təqsirli bilib və 45 000 rubl (təxminən, 940 manat) cərimələyib.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Mixail Kasyanov xarici agent kimi tanınıb. Rusiya Ədliyyə Nazirliyinin bildirdiyinə görə, o, xarici agentlərin mesajlarının və materiallarının yaradılmasında və qeyri-məhdud sayda insan çevrəsi üçün yayılmasında iştirak edib, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət barədə yalan məlumatlar yayıb. Kasyanov Rusiya Federasiyası xaricində yaşayır.