Rusiyanın "Titan-Barrikadı" şirkətinin tanınmış konstruktoru Valerian Markoviç Sobolev Rusiyanın Volqoqrad şəhərində vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Oblvesti.ru nəşri məlumat verib.
Valerian Markoviç 1938-ci ildə Stalinqradda anadan olub və bütün ömrünü müdafiə sənayesinə həsr edib. O, "Barrikadı" zavodunda mühəndisdən baş konstruktor vəzifəsinə qədər yüksəlib.

Valerian Sobolevin birbaşa rəhbərliyi altında "Luna", "Oka", "Temp-2s", "Pioneer", "Topol" və "İsgəndər" raketləri yaradılıb. Markoviç, həmçinin elmi fəaliyyətlə də məşğul olub. O, texniki elmlər doktoru, professor və Volqoqrad Politexnik İnstitutunun Nəzəri mexanika kafedrasının müdiri olub. O, 600-dən çox ixtiranı patentləşdirib.