ABŞ Prezidenti Donald Tramp Ukraynaya onun sərəncamında olan 18 ədəd uzun mənzilli ATACMS raketindən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadəyə icazə verə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti, həmçinin Kiyevə əlavə ATACMS raketlərinin tədarükünü də sifariş edə bilər. Bu raketlərin uçuş məsafəsi 300 kilometrə qədərdir.
İddiaya görə, Pentaqon bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketləri ilə Rusiyaya qarşı daha genişmiqyaslı zərbələr endirməyə yaşıl işıq verilməsi zərurətini müdafiə edir.
İyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Ukraynaya silah və hərbi texnika tədarükünü davam etdirəcək, lakin bu, yalnız Avropa ölkələrinin bu tədarüklərin xərclərini ödəməsi halında baş verəcək. Bu prosesə koordinasiyanı isə NATO həyata keçirəcək.
ABŞ Prezidenti, həmçinin bildirib ki, əgər Moskva və Vaşinqton Ukrayna ilə bağlı 50 gün ərzində razılığa gəlməsələr, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı təxminən 100 faizlik idxal tarifləri tətbiq edəcək.