Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiyası ABŞ Prezidenti Donald Trampın onu Moskvaya getməyə çağırdığı barədə KİV-də yayılan məlumatları təkzib edib.
Oxu.Az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin danışıb.
"Bloomberg" agentliyi sentyabrın 26-da ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya rəhbəri Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyə dəvət etdiyini, lakin Zelenskinin bununla razılaşmadığını bildirib. Jurnalistlərin məlumatına görə, bu, sentyabrın 22-də Nyu-Yorkda Zelenski ilə Tramp arasında keçirilən danışıqlar zamanı baş verib.
"Bu, yalan məlumatdır", - deyə Ukrayna Prezidentinin müşaviri jurnalistlərə bildirib.
Daha əvvəl Volodimir Zelenski ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitinin Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüş üçün platformaya çevrilə biləcəyini deyib.
ABŞ dövlət katibi Marko Rubio isə Rusiya rəhbəri Vladimir Putinin dekabrda Mayamidə keçiriləcək G20 liderlər sammitində iştirak edəcəyinə ümid etdiyini bildirib.
Bu yaxınlarda məlum olub ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-də keçiriləcək G20 sammiti çərçivəsində müharibənin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq təklifini rədd edib.
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüş zamanı Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, Zelenski ABŞ liderinin təklifini rədd edib.
Bildirilir ki, Zelenskini Trampın bu məsələni gündəmə gətirməsi məyus edib.