Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda səkkiz nəfəri öldürdükdən sonra qaçan şübhəli Ali Sefa Özdemir Eskişehir vilayətinin Seyitqazi rayonunda saxlanılıb.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, şübhəli şəxsin açdığı atəş nəticəsində iki jandarm əməkdaşı yüngül xəsarət alıb.
Ərazini mühasirəyə alan təhlükəsizlik qüvvələri şübhəliyə təslim olmaq barədə xəbərdarlıq ediblər. Lakin o, tüfənglə atəş açaraq cavab verib. Bundan sonra təhlükəsizlik qüvvələri əməliyyat keçirərək şübhəlini saxlayıblar.
Saxlanılan şəxs müvafiq prosedurların həyata keçirilməsi üçün polis bölməsinə aparılıb.

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda bir neçə kənddə səkkiz nəfəri tüfənglə öldürən şübhəlinin şəxsiyyəti müəyyənləşib.
Oxu.Az "A Haber" telekanalına istinadən xəbər verir ki, tüfənglə insanları qətlə yetirməkdə şübəhəli bilinən şəxs 30 yaşlı Arif Sefa Özdemirdir.
Onun psixoloji müalicə aldığı müəyyən edilib. Şübhəlinin hadisə yerindən qaçdığı nəqliyyat vasitəsi Eskişehirdə tapılıb. Nəqliyyat vasitəsinin içərisində sursat aşkarlanıb. Özdemirin bir neçə avtomobili oğurladığı bildirilir.
Arif Sefa Özdemir Eskişehirdə saxlanılması üçün xüsusi əməliyyatın keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, ödürülənlərdən ikisi məktəb müəllimidir. Ayşe Sena Demir və Hilal Mete İhsaniye rayonunun Yukarıtandır orta məktəbinin müəllimləri olub.
Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda bir neçə kənddə törədilən silahlı hücumlar nəticəsində səkkiz nəfər həlak olub.
Oxu.Az bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir.
Hadisələr axşam saatlarında Yukarıtandır, Ayazini və Kıyır kəndlərində baş verib.
İlkin məlumata əsasən, qırmızı rəngli avtomobililə hərəkət edən silahlı şəxs Yukarıtandır kəndində yol kənarında olan üç qadına tüfənglə atəş açaraq onları öldürüb. Qadınların müəllim olduğuna dair iddialar var.
Daha sonra Ayazini kəndinə gedən silahlı şəxs avtomobildə olan üç nəfəri güllələyərək hadisə yerindən qaçıb. O, daha sonra Kıyır kəndində isə başqa bir avtomobildəki iki nəfəri öldürüb.
Bildirilir ki, həlak olanlardan altısı hadisə yerində, ikisi isə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.
Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda silahlı hücum nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.
Oxu.Az bu barədə "A Haber"ə istinadən xəbər verir.
Öldürülənlər rayonun Kıyır kəndinin yaxınlığında üç nəqliyyat vasitəsinin içərində tapılıblar.
Hadisə nəticəsində bir nəfərin də ağır yaralandığı bildirilir.
Eyni zamanda, hadisəni törətdiyi iddia olunan şəxsin fotosunun da yayıldığı bildirilir.

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda iki fərqli ərazidə, iki avtomobilin içərisində ümumilikdə beş nəfərin meyiti aşkarlanıb.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, hadisə Ayazini və Kıyır kəndlərinin ərazisində baş verib.
İlkin araşdırmalar zamanı şəxslərin tüfənglə vurularaq öldürüldüyü müəyyən edilib. Şübhəlinin isə hadisə yerindən qırmızı rəngli avtomobililə qaçdığı bildirilir.
İlkin ehtimala görə, şəhər kənarından gələn şübhəli avtomobillə Kütahya istiqamətində hərəkət edib.
Hadisə ilə əlaqədar kəndlərə gedən yollar jandarm qüvvələri tərəfindən bağlanıb. Polis və jandarm əməkdaşları qaçan şübhəlinin saxlanılması üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.