Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə yaşlı kişi qoyunlara görə çobanı güllələyib öldürdü: Dəhşətli cinayətin ANBAAN görüntüləri
Türkiyənin Denizli şəhərində dəhşətli cinayətin təhlükəsizlik kamerası tərəfindən lentə alınan görüntüləri ortaya çıxıb.
Bağına qoyun sürüsü girdiyi üçün gənc çobanı gözünü qırpmadan güllələyən yaşlı kişinin qəddarlığı gündəm olub.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Denizlinin Sarayköy rayonunun Tekkeköy məhəlləsində baş verən hadisədə 75 yaşlı Mehmet Ali Aslan adlı kişi əncir bağına qoyun sürüsü girdiyi üçün əsəbiləşib. O, ov tüfəngini əlinə alaraq sürünün sahibi olan, 36 yaşlı çoban Hikmet Dumanın və ailəsinin yaşadığı evin qarşısına gedib. Kişinin səs-küyünə və təhqirlərinə çölə çıxan Hikmet Dumanın qohumu ona tərəf iki güllə atıldığını görüb və təşviş içində qaçıb. Silah səslərini eşidən ailənin digər üzvləri də hadisə yerinə gəliblər və mübahisə güclənib. Bu zaman Mehmet Ali Aslan atəş açıb və güllə Hikmet Dumanın qarın nahiyəsinə dəyib.
Əraziyə jandarm və tibb qrupları gəlib. Duman ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb, lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra qaçan Mehmet Ali Aslan jandarm qrupları tərəfindən saxlanılıb və həbs olunaraq həbsxanaya göndərilib.