Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyəli ekspert "Haber Global"da husilərin Rusiya ilə gizli əməkdaşlığından danışıb
"Bu günə qədər Yəməndə husilərə qarşı keçirilən əməliyyatlarda onların liderlərinin öldürülməsini eşitməmişdik. Görünür, onlar haqqında kəşfiyyat məlumatları çox məhdud olub. Amma iki gün əvvəl ABŞ-nin keçirdiyi əməliyyatda ölən 31 nəfərin arasında "Ənsar Allah" liderlərinin də olduğunu istisna etmirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri "Haber Global" televiziya kanalında Yəməndə baş verən son hadisələri təhlil edən ekspert Mete Sohtaoğlu söyləyib.
Ekspert bildirib ki, ABŞ-nin husilərə qarşı əməliyyatı davam edəcək.
"Lakin unutmaq lazım deyil ki, husilər nə qədər İrana bağlı qüvvə kimi tanınsalar da, Səudiyyə Ərəbistanı, Omanla əlaqələri var. Hətta bu ölkələrin vasitəçiliyi ilə Yəməndə daxili barışıq imzalanmalı idi, lakin Co Bayden bu razılşmanın imzalanmasının qarşısını aldı", - deyə ekspert xatırladıb.
Ekspert, həmçinin vurğulayıb ki, husilərə ən böyük dəstək verən ölkələrdən biri də Rusiyadır: "Husilər Qırmızı dənizdə ticarət gəmilərinə Rusiyanın ötürdüyü GPS məlumatları ilə zərbələr endirir".
