Tula vilayətində gecə saatlarında baş verən kütləvi PUA hücumları səbəbindən iki çoxmənzilli yaşayış binası və iki sənaye müəssisəsi zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə qubernator Dmitri Milyayev "Maks" platformasında məlumat yayıb.
Bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Onun sözlərinə əsasən, gecə boyu regionun hava məkanında 107 dron vurularaq məhv edilib.
"Əldə edilən operativ məlumatlara görə, Venyov rayonunda yerləşən iki çoxmənzilli binada, həmçinin Novomoskovsk və Uzlov rayonlarındakı iki istehsalat obyektində zədələnmələr qeydə alınıb", - deyə qubernator yazıb.
Bundan əlavə, pilotsuz uçuş aparatının "Wildberries" çeşidləmə kompleksinin ərazisinə düşməsi nəticəsində yanğın baş verib. D.Milyayev əlavə edib ki, hazırda hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir və yanğınsöndürmə briqadaları alovun qarşısını alırlar.
"İlkin məlumatlara əsasən, həlak olan yoxdur. Xəsarət almış bir vətəndaşa isə zəruri tibbi yardım göstərilir", - açıqlamada qeyd olunub.