ABŞ Prezidenti Donald Trampın Kaliforniya ştatında yerləşən qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Post" nəşri məlumat yayıb.
Hadisə avqustun 2-də, Ağ Ev liderinin Kaliforniyaya səfərindən cəmi iki gün öncə baş verib. Gizli fəaliyyət göstərən federal agentlər şübhəli şəxsi görərək onu nəzarətə götürüblər.
"Həmin şəxs ərazidə gizlənərək foto və videoçəkilişlər aparıb, həmçinin təhlükəsizlik tədbirlərinin planlaşdırılması prosesini izləyib", - deyə nəşrdə qeyd olunub.
Həbs edilən şəxsin 2025-ci ildə baş vermiş soyğunçuluq işi üzrə istintaq altında olan 38 yaşlı Canin Con Teyl olduğu müəyyənləşib. Saxlanılarkən ondan patron darağı müsadirə edilib, avtomobilinə baxış zamanı isə dolu tapança və döyüş sursatı aşkarlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Teylin evində apardıqları axtarışlar nəticəsində silah, gülləkeçirməz jilet və içərisində həyəcanverici ifadələr olan bir neçə qeyd kitabçası tapıblar.
Həmin şəxsə döyüş sursatlarının hazırlanması, saxlanması və ötürülməsi, nəqliyyat vasitəsində odlu silahın gizli gəzdirilməsi, qısalüləli tüfəng və qırma saçan silahın saxlanılması üzrə ittihamlar irəli sürülüb.