"ABŞ İranla danışıqlar prosesində müəyyən irəliləyiş əldə edib.
Oxu.Az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey. Di. Vens "Fox News" telekanalının efirində deyib.
"Onlar münaqişənin başa çatmasını istəyirlər. Məsələ ondadır ki, onların sistemi bizi qane edəcəkmi? Bunu hələ müəyyənləşdirmək lazımdır, amma hesab edirəm ki, son bir neçə gündə müəyyən irəliləyiş əldə etmişik", - deyə Vens bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranla, xüsusilə Hörmüz boğazından keçən neft və qazın həcmini mümkün qədər artırmaq məqsədilə danışıqlar aparır.
"Ümid edirik ki, Fars körfəzi regionundan münaqişə başlamazdan əvvəlki həcmdə neft və qazın daxil olduğunu görəcəksiniz. İran bizə bunu edəcəyini deyib. Fars körfəzi ölkələrindən ibarət koalisiyanın da istəyi budur", - deyə ABŞ vitse-prezidenti bildirib.
Vensin sözlərinə görə, İran və Fars körfəzi ölkələri, xüsusilə Oman, son bir həftə ərzində Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi yollarını müzakirə edirlər.
O bildirib ki, bunun üçün boğazda olduğu iddia edilən minalara görə gəmilərin su yolundan təhlükəsiz keçməsinə imkan verəcək hərəkət sxemi hazırlanmalıdır.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın Hörmüz boğazının idarə olunmasının hüquqi aspektləri və gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı Omanla danışıqları davam etdirdiyini bildirib. Onun sözlərinə görə, tərəflər razılaşmanın əldə olunmasına çox yaxındırlar.
Əraqçı daha əvvəl mövcud marşrutun Tehran üçün qəbuledilməz olduğunu, buna görə də yeni marşrut hazırlanmasının zəruri olduğunu deyib. Onun sözlərinə görə, bu proses çoxsaylı hüquqi və texniki çətinliklərlə müşayiət olunur.