Şimali Osetiyanın (Rusiya) rəhbəri Sergey Menyaylo bildirib ki, Vladiqafqazda anbarda baş verən partlayış və yanğın nəticəsində xəsarət alanların sayı 14-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Menyaylo özünün "Max" mesencer kanalında yazıb
"Yaralananların sayı 14-dür. İki xəstə Respublika Klinik Xəstəxanasına (RKX) yerləşdirilib. Digər bir uşaq da uşaq xəstəxanasına aparılıb", - deyə o bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən TASS-a verilən məlumata görə, xilasedicilər bir nəfərin cəsədini anbarın dağıntıları altından çıxarıblar.
Rusiya Federasiyasının Vladiqafqaz şəhərinin Avqustovskix Sobiti küçəsində güclü partlayış qeydə alınıb. İlkin ehtimala görə, hadisə pirotexniki mallar (fişəng) mağazasında baş verib.
Partlayış nəticəsində ən azı bir nəfərin ağır vəziyyətdə yaralandığı bildirilir. Ərazidə Daxili İşlər Nazirliyinin polis və xüsusi xidmət orqanlarının əməkdaşları fəaliyyət göstərir.
Oxu.Az xəbər verir ki, insidentlə bağlı məlumatı "Mash" "Telegram" kanalı yayımlayıb.
"Partlayış nəticəsində Avqustovskix Sobiti küçəsində yerləşən bina qismən uçub. Yanğın HDM şirkətinin tikinti materialları anbarı ərazisində qeydə alınıb və onun yaxınlığında pirotexnika mağazası yerləşir.
Fişənglərin ardıcıl partlaması səbəbindən yanğınsöndürmə xidmətləri yanğının qarşısını almaqda çətinlik çəkiblər. Yaranan qatı tüstü dumanı şəhərin bir ərazisindən müşahidə edilib.
Dağılan binanın ətrafına onlarla metr məsafədə beton plitələr və qırıntılar səpələnib ki, bu da onadək avtomobilin zədələnməsinə yol açıb. Ən azı bir nəfər xəsarət alıb. Həmin şəxs dağıntılar altından ağır vəziyyətdə çıxarılıb. Partlayış ocağının yaxınlığındakı digər tikinti materialları obyekti də yanğına məruz qalıb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib", - deyə xəbərdə bildirilir.