Xəzərin Qazaxıstan sahillərində aşkar edilən 100-dən çox suitinin tələf olmasının ilkin səbəbləri bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat verib.
Məlumata görə, immun sisteminin zəifləməsi nəticəsində Xəzər suitiləri tələf olub.
Qeyd olunur ki, suitilər təxminən bir ay əvvəl ölüblər, onların cəmdəkləri sahilə indi çıxıb.
Komitə qeyd edib ki, mütəxəssislər sahil zolağına nəzarəti davam etdirir, suitilərin qalıqlarından nümunələr toplanılır, həmçinin cəmdəklərin utilizasiyası üzərində işləyirlər.
Xəzərin Qazaxıstan sahillərində 112 suiti cəmdəyi aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Mangistau vilayətinin Ekologiya Departamenti yayıb.
Departamentin məlumatında deyilir ki, Tupkaraqan rayonunun Asan yaşayış məntəqəsindən Bautino burnuna qədər sahil xəttinin monitorinqi zamanı 112 Xəzər suitisinin cəmdəyi aşkar edilib. Bu heyvanlar arasında kütləvi tələfatın səbəblərini müəyyən etmək üçün ərazidən dəniz suyu nümunələri götürülüb.
Xəzərdə suitilərin kütləvi ölümü ilk dəfə qeydə alınmır. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən məlumatına görə, 2024-cü ildə bu cür hallara yüksək patogenli quş qripi virusu, immun çatışmazlığı fonunda neyrovirus infeksiyası və dəniz dibindən təbii qaz sızmaları nəticəsində asfiksiya səbəb ola bilərdi. 2022-2023-cü illərdə suitilər yırtıcı heyvanlar arasında taun xəstəliyindən və kəskin pnevmoniyadan tələf olub.