"Xiaomi" şirkətinin qurucusu Ley Tszyun şirkətə məxsus avtomobil zavodunda humanoid robotların ilk dəfə səkkiz saatlıq iş növbəsini tamamladığını əks etdirən video yayımlayıb.
Oxu.Az "The Paper" nəşrinə istinadən xəbər verir ki, robotlar zavodda bir iş növbəsi ərzində müəyyən edilmiş gündəlik normanı yerinə yetiriblər.
"Xiaomi" nümayəndələrinin sözlərinə görə, bu sınaq robotların real istehsal xəttində işləmək qabiliyyətinin ilk yoxlanışı olub.
Video zavodun son montaj sexində çəkilib. Kadrlarda əsasən "CyberOne 02" modeli nümayiş olunur. Qara və ağ rəngli iki robot avtomobillərin mərkəzi konsolunun yan panellərini çeşidləyib.
Söhbət iri ölçülü, elastik və qeyri-standart formalı detallardan gedir. Bu detallar qutulara nizamsız şəkildə yerləşdirildiyindən robotlar hər paneli götürməli, lazımi istiqamətə çevirməli və konveyerdə hərəkət edən avtomobillərin ardıcıllığına uyğun olaraq rəfdəki müvafiq bölməyə yerləşdirməli olublar. Bütün bu əməliyyatlar istehsal xəttinin sürətinə uyğun şəkildə həyata keçirilib.
Robotlar iş növbəsi ərzində enerji yığmaq üçün iki dəfə dayanmalı olublar. İlk fasilə 3 saat 2 dəqiqəlik, ikinci fasilə isə 6 saat 3 dəqiqəlik işdən sonra baş verib.
Növbənin ikinci yarısında robotlardan biri paneli yerə salıb. Daha sonra həmin detalı təkərli robot götürüb. Nəticədə humanoid robotlar ümumilikdə 8 saat 5 dəqiqə işləyiblər.
Oxşar sınaqları digər şirkətlər də həyata keçirib. "Figure 03" robotu ABŞ-nin Spartanberq şəhərindəki BMW zavodunda, "AgiBot G2" isə Çinin Nançan şəhərində yerləşən "Longcheer" planşet istehsalı müəssisəsində işləyib.