Beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti tərəfində vuruşan "Əl-Əmalik" briqadaları müvəqqəti paytaxt Ədənin mərkəzi rayonlarına daxil olub və əsas hökumət obyektlərini nəzarətə alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Asharq News" məlumat yayıb.
Telekanalın məlumatına görə, Cənub Keçid Şurasının (STC) separatçı qüvvələri mövqelərini tərk etdikdən sonra Əl-Əməlik qüvvələri Maaşiq prezident sarayı və Ədən Beynəlxalq Hava Limanına nəzarəti ələ keçirib:
"Bundan başqa, yanvarın 7-də Dördüncü Hərbi Bölgənin komandanlığı (respublikanın cənub-qərb əyalətlərinə cavabdehdir) şəhərin bir sıra rayonlarında CKŞ-nin (Cənubi Keçid Şurası) qərargahlarına və obyektlərinə nəzarət edir".
Bildirilib ki, bununla belə, Ədəndəki əsas obyektlər və nəzarət-buraxılış məntəqələri "Əl-Əmalik" briqadalarının nəzarəti altında qalır.
Yəmənin icraedici orqanı olan Prezident Şurası separatçı Cənub Keçid Şurasının (CKŞ) rəhbəri Aydarus Kasem Abdul Aziz əz-Zubeydini dövlətə xəyanət etdiyi üçün qurumdan xaric olunduğunu bildirib.
Oxu.Az xəbər verir ki, məlumatı "Al Arabiya" telekanalı yayıb.
Şuranın bəyanatına görə, "Yəmən Respublikasının müstəqilliyinə xələl gətirmək niyyəti ilə dövlətə xəyanət" səbəbindən əz-Zubeydinin fəaliyyətinə xitam verilib. O, həmçinin konstitusiya müddəalarını pozmaqda, qeyri-qanuni silahlı qruplaşma yaratmaqda, Yəmən ordusuna və mülki şəxslərə qarşı cinayətlər törətməkdə ittiham olunub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının təmsilçisi Turki əl-Maliki bildirib ki, əz-Zubeydi Yəmənin Hadramaut və Mahra əyalətlərində vəziyyətin gərginləşməsini müzakirə etmək üçün Yəmənin Prezident Şurasının sədri Rəşad əl-Alimi və koalisiya rəhbərliyi ilə görüşməli idi. Lakin Ər-Riyada uçuş gecikib və bu müddət ərzində əz-Zubeydinin tabeliyində olan silahlı dəstələrə Əd-Dali əyalətinə doğru irəliləmək əmrinin verildiyi məlum olub. Ədəndə iğtişaşlar yaratmaq niyyəti ilə onlarla döyüşçüyə silah və sursat paylanılıb. Koalisiya Əd-Dalidə düşmən qüvvələrin hərəkətini izləyib və Yəmən qüvvələri ilə birlikdə onlara qarşı qabaqlayıcı zərbələr endirib.
Yəməndəki münaqişə 2014-cü ildə İranın dəstəklədiyi husilərin paytaxt Sənanı və Yəmənin şimalının böyük hissəsini ələ keçirməsi ilə başlayıb. 2015-ci ildə münaqişəyə müdaxilə edən ərəb koalisiyası Yəmən hökumət qüvvələrini dəstəkləyir. CKŞ-nin himayəsi altında qrupları yaradan və maliyyələşdirən BƏƏ koalisiyanın üzvüdür.