Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ailə təsərrüfatı olanlar işsiz sayılmayacaq
Yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə xidmət edir.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yeni qanunu şərh edərkən bildiriblər.
Qeyd edilib ki, Azərbaycanda ilk dəfə “Məşğulluq haqqında” qanun 2 iyun 2001-ci ildə qəbul edilib. Lakin ötən dövrdə məşğulluq xidmətlərində, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində yeni yanaşma və mütərəqqi iş mexanizmlərinin tətbiqi, işsizlikdən sığorta sisteminin qurulması bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə əsas yaradıb.
Nazirlik bildirir ki, “Məşğulluq haqqında” yeni qanun altı fəsildən və 37 maddədən ibarətdir.
Qanunun “Əsas anlayışlar” maddəsində əvvəlki qanundan fərqli olaraq anlayışların sayı yeni anlayışların (fərdi məşğulluq proqramı, qeyri-formal məşğulluq, məşğul şəxslərin reyestri, peşə standartları, sosial müəssisə, sosial iş yeri və s.) daxil edilməsi ilə artırılaraq, 24-ə çatdırılıb:
“Əvvəlki qanunda muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil edilmişdisə, yeni qanunda bu, aradan qaldırılıb.
Muzdla işləyənlərə yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib.
Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər isə məşğul şəxslər sırasında yer alıb. Eləcə də, yenilik olaraq, ailə kəndli təsərrüfatının üzvləri də məşğul şəxslər hesab olunub.
Həmçinin “işsiz” və “işaxtaran” şəxslər anlayışları da dəqiqləşdirilib, yəni işi və qazancı olmayan, işə başlamağa hazır olub, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilib. İşaxtaran isə münasib iş üçün məşğulluq mərkəzlərinə müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs kimi qeyd olunub”.
O da məlum olub ki, qanunun yeniliklərindən biri də məşğulluq xidmətlərinin, əsasən, elektron müstəvidə təşkilini irəli sürməsidir:
“Məsələn, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyesterinin elektron formada aparılmasını (dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə edilməklə), həmçinin işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını nəzərdə tutur.
Yeni qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək.
İş üçün müraciət edən şəxsə münasib iş təklifi üzrə müddət 11 gündən beş günə azaldılmaqla, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması və ya müvəqqəti qeydiyyatdan çıxarılması, qeydiyyatının ləğvi və s. prosedurlar qanunda dəqiq şəkildə müəyyən edilib.
Sənədə əsasən, ölkədə işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Digər tərəfdən, yeni qanun belə fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyesterinin də elektron formada aparılmasını nəzərdə tutur.
Dövlətin işaxtaranlar və işsiz şəxslər üçün təminatları sırasında özünüməşğulluğa kömək göstərilməsi də qeyd olunur. Sənəddə özünüməşğulluq tədbirlərinin mərhələləri və müddətləri, monitorinq, əmlakların qaytarılması və s. prosedurlar əhatə olunur.
Eyni zamanda, qeyd olunur ki, kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin də bir il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilə bilər.
İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verildiyi bildirilir”.
Yeni qanuna “Fərdi məşğulluq proqramı” maddəsi də daxil edilib. Maddə işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə məşğulluq mərkəzi tərəfindən fərdi məşğulluq proqramının tərtib olunmasını nəzərdə tutur.