21 
Fev
2019
13:41
14
75
2673
Virtual karabakh

Vergi ombudsmanının görəcəyi işlər açıqlandı

21 Fev, 2019
13:41
2673

Vergi ombudsmanının görəcəyi işlər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vergilər Nazirliyi vergi şikayətlərinə baxılması prosesini təhlil edərkən bir sıra hallarda sahibkarların qanuni mənafelərinin pozulmasının vergi əməkdaşlarının yoxlama prosesində, yoxlama aktlarının tərtibi və vergilərin hesablanmasında, habelə vergi ödəyicilərinin düzgün məlumatlandırılmaması nəticəsində baş verməsi faktları ilə bağlı olduğunu müəyyən edib.

Oxu.Az xəbər verir ki, nazirliyin açıqlamasına görə, bunu nəzərə alaraq, vergi ödəyicilərinin hüquqlarının qorunmasını daha gücləndirmək qərara alınıb. 

Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürərək Azərbaycanda vergi ombudsmanı institutunun yaradılmasına dair qərar qəbul edib. Artıq bununla bağlı, vergilər naziri tərəfindən müvafiq əmr imzalanıb.

Vergi ombudsmanı institutunun başlıca məqsəd və vəzifəsi vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi administrasiyaları ilə münasibətlərinin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə kömək göstərməkdir. 

Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş ictimai institutlar və sahibkarlar icması ilə əməkdaşlıq etmək, həmçinin korrupsiya halları, sahibkarların qanuni maraqlarının pozulmasına dair şikayətləri araşdırmaq, KİV daxil olmaqla, hər hansı bir mənbədən sahibkarların hüquqlarının pozulmasına dair məlumat əldə etdiyi təqdirdə öz müstəqil araşdırmasına başlamaq hüququna malik olan şəxsdir.

Vergi ombudsmanının Azərbaycanın vergi sisteminə verəcəyi faydalara gəlincə, ilk növbədə, vergi ödəyicilərinin hüquq və manafelərinin etibarlı qorunması baxımından aparılan işlərə öz töhfəsini verəcək, onların işini yüngülləşdirəcək.

Eyni zamanda, vergi ödəyicilərinin intizamının güclənməsi və vergiləri vaxtında və tam şəkildə ödəməsi baxımından da bu institutun rolu böyükdür. Çünki vergi ombudsmanının cəmiyyətdə böyük nüfuzu və peşəkarlığının olması ona inamı artırır. Dövlətin özünün bu qurumun mütəxəssislərindən gözləntiləri çoxdur və onun verdiyi rəyə hörmətlə yanaşılır. 

Ombudsman sahibkarlara öz hüquq və öhdəliklərini yerinə yetirmək, dövlətin müəyyən etdiyi qanunların tələblərinə riayət etmək, dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi üçün onların məsuliyyətini başa salmaq və digər müxtəlif təşviqat işləri görmək, məsləhət və tövsiyələr vermək səlahiyyətlərinə də malikdir.

Hazırda vergi ombudsmanı institutunun formalaşdırılması, onun funksiya və səlahiyyətləri, habelə fəaliyyət mexanizmi ilə bağlı iş aparılır.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri