Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mixail Boçarnikov: Moskva Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verməyə hazırdır
Rusiya Azərbaycanla ticarət həcmini artırmaq və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dəstək vermək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov CBC kanalında yayımlanan “Anastasiya Lavrinlə qlobal diskussiya” ictimai-siyasi verilişində deyib.
“Biz ticarət dövriyyəsini artırmaq istəyirik. Bu səbəbdən müxtəlif inzibati, infrastruktur maneələrini aradan qaldırmağa çalışırıq”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, əgər 2018-ci ildə Azərbaycan və Rusiya arasında olan ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edirdisə, 2019-cu ilin nəticələrinə əsasən tərəflər bu rəqəmin 3 milyarda qədər yüksəldilməsinə çalışacaqlar.
“Əlbəttə, bu son hədd hansısa şişirdilmiş rəqəm deyil, artıq nəticələr var və qarşıda görüləcək iş çoxdur”.
İkincisi, iqtisadi münasibətlərimizdə Azərbaycanın qarşıya qoyduğu neft asılılığından uzaqlaşmaq və iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirmək məqsədini tam nəzərə alırıq. Bacardığımız qədər bu hədəfə çatmaqda yardımçı olmağa çalışırıq”, - deyə diplomat bildirib.
M.Boçarnikovun vurğuladığı kimi, bununla əlaqədar, qeyri-neft sektorunda konkret layihələrin həyata keçirilməsi istiqamətində məqsədlər qoyulub.
“Konkret layihələr haqqında danışsaq, məsələn, 2020-ci ildə Hacıqabulda avtomobil zavodunun istifadəyə veriləcəyinə ümid edirik. Bu layihə “Azərmaş” və “Qruppa QAZ” şirkətlərinin birgə səyləri nəticəsində həyata keçirilir. Söhbət “QAZel”lərdən gedir”, - deyə səfir qeyd edib.
Səfir tezliklə Pirallahıda dərman vasitələrinin istehsal edəcək müəssisənin tam gücü ilə fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib.
“Eyni zamanda inanırıq ki, 2020-ci ildə vertolyot texniki serviz xidməti mərkəzi fəaliyyətə başlayacaq. Bu, bizim həyata keçirməli olduğumuz konkret layihələrdir. Bundan əlavə biz çoxdandır ki, Gəncə Avtomobil Zavodu ilə “KamAZ” və “UAZ” zavodları arasında əməkdaşlıq təşkil edirik, bu avtomobillərin yığılması həyata keçirilir”, diplomat vurğulayıb.
M.Boçarnikov bildirib ki, iki ölkə arasında olan iqtisadi əməkdaşlıq bir çox sahələri əhatə edir.
“Kənd təsərrüfatı və neft-qaz maşınqayırması, gəmiqayırma, metallurgiya kimi bir sıra sahələrdə müəssisələrin yaradılması, texnologiya və təcrübənin ötürülməsi barədə danışa bilərik” - deyə o, qeyd edib.
Mixail Boçarnikov sadaladığı “dəqiq istiqamətlər”in Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının protokollarında öz əksini tapdığını vurğulayıb.
Rasim Babayev