Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
KOBİA sədri: “Azərbaycandakı fərdi sahibkarların 21%-i qadınlardır” - FOTO
Bakı Konqress Mərkəzində İqtisadiyyat Nazirliyi, KOBİA, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişaf Assosiasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə qadın sahibkarlığının inkişafına həsr olunmuş “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V Forum keçirilir.
Oxu.Az xəbər verir ki, forum Azərbaycan Himninin səsləndirilməsi, sonra isə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forum çərçivəsində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə müxtəlif mövzularda panel iclaslar nəzərdə tutulur.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilk olaraq 19 noyabr Qadın Sahibkarları Günü münasibətilə sahibkar xanımları təbrik edib. O, hər bir ölkənin iqtisadi inkişafında qadın sahibkarlığın inkişafının mühüm rolu olduğunu vurğulayıb:
“Qadınların iqtisadi fəallığının artırılması üçün strateji yol müəyyən edilib. Statistikaya əsasən, fərdi sahibkarların 21 faizini qadınlar təşkil edirlər. Qadınlar biznes fəaliyyətinə başlamaq üçün müxtəlif dəstək mexanizmlərindən faydalanırlar. Mütəmadi olaraq bu sahədə maarifləndirici tədbirlər baş tutur. 2022-ci ilin aprel-avqust aylarında gender yönümlü əməkdaşlıq çərçivəsində qadınlar üçün müxtəlif mövzularda treninqlər keçirilib. Bu gün isə “Biznesdə qadınların gücü” adlı layihəyə start verilib”.
Qurum rəsmisi vurğulayıb ki, agentliyin strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən 2022-ci ildə keçirilən təlimlərdən dörd minə yaxın qadın sahibkar yararlanıb:
“Agentlik tərəfindən göstərilən dəstək mexanizmindən qadın sahibkarlar aktiv faydalanırlar. Ötən müddət ərzində beş qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, doqquz sahibkara mənfəət və gəlir vergisindən azad edən startap şəhadətnaməsi verilib, o cümlədən qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən Almaniya-Azərbaycan birgə proqramında 100-ə yaxın qadın sahibkarımız iştirak edib.
Hesab edirəm ki, Azərbaycan qadını həm də özünü iri sahibkarlığa hazır hiss etməlidir. Onlar dövlət dəstəyi mexanizmindən istifadə edərək daha çox məşğulluğun təmin olunmasına töhfə verə bilərlər. Mandatımız çərçivəsində qadınlara dəstək olmağa həmişə hazırıq”.
Daha çox foto burada: PhotoStock.az
Sayad Həsənli
"Almaniya" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər