Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü xəsarət alıb. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 46 yaşlı Maqsud Qaraşov Gəncə istiqamətində hərəkət edərkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü Maqsud Qaraşov, onun anası 79 yaşlı Məxmər Qaraşova, həyat yoldaşı 35 yaşlı Aytac Qaraşova və 15 yaşlı oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
"Yevlaxa yas mərasiminə gedirdik. Yolda iki avtomobil maşınımızı sıxışdırdı. Yoldaşım onları vurmamaq üçün dönəndə maşınımız daşa çırpılıb üç dəfə fırlandı", - xəsarət alan Aytac Qaraşova söyləyib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 8-i, saat 08:50-də Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (iki qadın, iki kişi olmaqla) təcili tibbi yardım avtomobili vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunublar.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, yolun Sığırlı kəndindən keçən hissəsində baş verib.
"Mitsubishi Pajero" minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər - 1979-cu il təvəllüdlü Maqsud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maqsud oğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.