Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 9-u, saat 10:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 51 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Digər xəsarət alan 21 yaşlı (qadın cinsli) şəxs qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakının Qaradağ rayonunda ağır qəza baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü Bədirova İradə Müslüm qızı və onun qızı, 2004-cü il təvəllüdlü Bədirova Gülnar Rəsul qızını vurub.
Hadisə nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli