Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyada keçidlərinə yaxınlaşarkən qəzanın baş verməməsi üçün sürücülərin bilməli olduğu qaydaları xatırladıb.
Oxu.Az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, qəfil və sərt əyləcdən istifadə, düzgün ara məsafəsinin saxlanılmaması qəzaya səbəb olur.
"Piyada keçidlərinin yaxınlığında baş verən yol-nəqliyyat hadisələri sürücülərin məhz bu qaydalara əməl etməməsi səbəbindən qeydə alınır. Vaxtında piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməyən bəzi sürücülər keçidə yaxınlaşdıqda piyadaya son anda diqqət yetirdiklərindən qəfil və sərt əyləcdən istifadə edirlər. Nəticədə isə arxadan hərəkət edən və düzgün ara məsafəsi saxlamayan digər nəqliyyat vasitələri həmin avtomobilə çırpılır.
Belə qəzaların olmaması üçün sürücülər yol nişanlarına diqqət yetirməklə yanaşı, keçidlərə yaxınlaşarkən sürəti azaltmalı və düzgün ara məsafəsi saxlamalıdırlar. Piyada keçidlərinin yaxınlığında təhlükəsizliyin təmin olunması üçün onlar bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Bu zaman piyada vurulması ilə nəticələnən, eyni zamanda zəncirvari qəzaların da qarşısı alınmış olacaq", - məlumatda vurğulanıb.