Binəqədi rayonunda "Lake Hotel"də elektrik cərəyanı vurması nəticəsində vəfat edən şəxslərin fotoları yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:

Fotoda: Cavidan Muradlı

Fotoda: Emil Quliyev

Fotoda: Eltac Əliyev

Fotoda: Əkbər Zeynalov
"Noyabrın 21-də saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbi ilə təcili çağırış qeydə alınıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb:
"Təcili tibbi yardım briqadası tərəfindən dörd nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
Oxu.Az hadisə yerindən görüntüləri təqdim edir:
Məhərrəm Əliyev
Binəqədi rayonunda "Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı təfərrüat bilinib.
Oxu.Az-ın məlumatına görə, hadisə hotelin həyətində baş verib. Hotelin restoranında işləyən dörd ofisiant binanın həyətində avadanlıq daşımaq üçün dəmir konstruksiyalı təkərli qurğunu aparırmış.
Qurğu hərəkətdə olarkən həyətdən keçən 10 min voltluq elektrik xəttinə toxunub.
Hadisə nəticəsində ofisiantlar yanaraq ölüblər.
Samir Əli
Binəqədi rayonunda "Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı bəzi detallar bilinib.
Oxu.Az bununla bağlı "Qafqazinfo"ya istinadən xəbər verir.
İlkin məlumata görə, onlar restorandan başqa bir yerə uzun metal nərdivan daşıyırmışlar və hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Binəqədi rayonunda "Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, adıçəkilən şəxslər qeyd olunan hotelin qarşısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, faciəli hadisə nəticəsində vəfat edən şəxslər - 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.
Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən "Lake Hotel" restoranının yaxınlığında baş verib.
Məhərrəm Əliyev
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində faciəli hadisə baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Binəqədi şosesində yerləşən "Lake Hotel" restoranının yaxınlığında oranın dörd əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
"Azərişıq" ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib:
"Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün "Azərişıq" ASC-nin balansında deyil".
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.