Bərdədə iki nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında ilkin diaqnoz kimi, həmin pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb", - məlumatda bildirilib.
Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 25-də saat 21:50-də Bərdə Rayon Mərkəzi Xəstəxanasına iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.
"Pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova