Bakının Sabunçu rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, oktyabrın 14-də saat 01:35-də Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi "Volkswagen" markalı avtomobil Bilgəh qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəza nəticəsində avtomobildə olan sərnişinlər - paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri üzündən ağır yol-nəqliyyat hadisələrinin baş verməsindən narahatlığını ifadə edib.
İdarə sürücüləri bir daha sərxoş vəziyyətdə avtomobil idarə etmək kimi kobud qayda pozuntularından çəkinməyə çağırıb və bu cür halların əksər vaxtlarda ölümlə nəticələndiyini vurğulayıb.