Füzuli-Horadiz ərazisində baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, yanvarın 8-də 01:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli-Horadiz ərazisində yanğın baş verməsi səbəbilə çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası bir nəfərə (kişi) zəruri tibbi xidmət göstərib, tüstüdən zəhərlənmə diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".
Məlik Məlikov
Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli və Cəbrayılda başlayan yanğınla bağlı məlumat yayıb.
Qurumdan Oxu.Az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Cəbrayıl rayonunda başlayan yanğın qısa müddətdə geniş ərazilərə yayılıb.
Oxu.Az xəbər verir ki, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində başlayıb. Alov daha sonra sərhəd xətti boyunca yayılaraq Füzuli rayonunun Qazaxlar və Mirzənağılılar kəndlərinin ərazilərinə keçib.
Hazırda yanğın sərhəd boyunca davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə iki yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.