Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Hadisə barədə Oxu.Az-a məlumat verən Daxil İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, hadisə zamanı iki nəqliyyat vasitəsi toqquşub.
O bildirib ki, ilkin məlumata görə bir nəfərin ölüm faktı qeydə alınıb:
"Yanvarın 5-i saat 16:00-da Salyan-Noxudlu avtomobil yolunun Salyan rayonu, Noxudlu kənd ərazisindən keçən altıncı kilometrliyində Sabirabad sakini Coşqun Məmmədhüseyn oğlu Məmmədov idarə etdiyi 77-HE-694 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil ilə həmyerlisi, 1985-ci il təvəllüdlü Mirzəağa Həbiboğlu Məmmədovun idarə etdiyi 77-HP-064 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil ilə toqquşub. İlkin məlumata görə, sürücü Coşqun Məmmədov hadisə yerində vəfat edib. Digər nəqliyyat vasitəsinin sürücüsü Mirzəağa Məmmədov və nəqliyyat vasitəsində olan xəsarət almış sərnişinlər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır".
Salyan Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (iki qadın, iki kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü Vüqar İmanovun isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb".
Aygün Mirakif
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.