Şəkinin Bideyiz kəndində canavarın 5 nəfərə hücum etməsinin təfərrüatı məlum olub.
Belə ki, beş yaşlı uşaq anası ilə birlikdə yas mərasiminə gedərkən, kolluq ərazidən qəfil çıxan canavar onlara hücum edib. Uşağı xilas etmək istəyən ana da hadisə zamanı xəsarət alıb. Ana və uşaq kənd sakinləri tərəfindən xilas ediliblər.
Zərərçəkənlər hadisənin bəzi detallarını Baku TV-yə danışıblar.
"Qadınların qışqırıq səslərini eşitdik, dayandıq, tez ora qaçdıq. Gördüm, atam canavarı boğur. Canavar onun üstünə tullanan zaman yıxılıb maşının altına düşdü. Qaranlıqda boyu görünmürdü. Qollarım yaralandı, ayağım ilişdi və mən də yıxıldım", - deyə sakin bildirib.
Digər zərərçəkən qeyd edib ki, qışqırıq səsini eşidən kimi qaça-qaça yola çıxıb:
"Mən yola çıxan vaxt canavar artıq qadının qolundan tutmuşdu. Mən yaxınlaşanda onu buraxdı və mənim üstümə cumdu. Mən də tullananda onu havada tutub qolumun altına saldım və üstünə uzandım. Qışqırdım ki, kömək edin. Bu vaxt əlim yaralandı. O an oğlum da gəlib çatdı. Canavarların "alfa" növü var, elə bil onun kopyası idi".
Daha ətraflı videomaterialda:
Şəkidə canavar kəndə hücum edib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün axşam saat 23 radələrində rayonunun Bideyiz kəndi ərazisində baş verib.
Hücum nəticəsində ikisi qadın, 1-i uşaq olmaqla 5 nəfər xəsarət alıb.
Xəsarət alan 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-cü il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Samir Əli