Xocavənddə mina partlayışında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xocavənd rayonunun Düdükçü kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan 1983-cü il təvəllüdlü kişi avqustun 21-də saat 14 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Pasiyentə baş, boyun və üzün sol yarısının, eləcə də yuxarı ətraf və bud nahiyəsinin çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub.
Ona zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində 2026-cı il 21 avqust tarixində mina partlayışı hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Ramal Qiyas oğlu Şirinovun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Ramal Şirinov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.