Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Marian Kolev Avropa çempionatında qazanılan uğuru ölkəmiz üçün tarixi nəticə adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, media nümayəndələrinə verdiyi açıqlamasında məlumat verib.
Baş məşqçi bildirib ki, çempionat son dərəcə gərgin keçib, lakin komanda böyük əzm göstərərək ən yüksək pilləni fəth edib:
"Hazırlıq prosesi çox ağır idi, amma nəticə bütün çətinliklərə dəyər. Bu, bizim Avropa çempionatında qazandığımız ilk qızıl medal oldu. Bu uğura görə hər kəsə - xüsusilə də federasiyaya və bizi daim dəstəkləyənlərə təşəkkür edirəm".
Qeyd edək ki, aerobika gimnastikası üzrə Avropa çempionatında Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlük proqramında çempion adını qazanıblar.