23 qat dünya çempionu, 7 qat Avropa çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi, “Ağ canavar” ləqəbli Eduard Məmmədov Portuqaliyanın Kaldas Rehina şəhərində 7-9 apreldə kikboksun WAC versiyası üzrə keçirilən Dünya Oyunlarında qalib olub. O, qızıl medalla bərabər, dünya çempionu kəmərinə sahib olaraq növbəti dəfə bayrağımızı qaldırıb.
Tanınmış idman ustası Oxu.Az-a bildirib ki, qələbəsini Azərbaycan xalqına həsr edib.
E.Məmmədov yarışda iştirakına dəstək olan Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə, həmçinin yığmamızın başçısı Müşfiq Hüseynliyə təşəkkürünü bildirib.
“Ağ canavar” qeyd edib ki, burnundan zədə almasına baxmayaraq, yarışda iştirak edib. İdmançımız yarışda 5 döyüş keçirərək Rumıniya, Sloveniya, Portuqaliya və Fransadan olan idmançıları məğlub edib:
“Gərgin məşq və səylərimin nəticəsi öz bəhrəsini verdi. WAC versiyası üzrə Dünya Oyunlarının qalibi oldum. Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Bu yarışda mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Bu, bütün Azərbaycan xalqının qələbəsidir. Bayrağımızı növbəti dəfə ucaltdığım üçün qürur hissi duyuram. Yaşasın Azərbaycan!”.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin (DİNAMO) üzvü olan idmançı bildirib ki, yarışa kikboks üzrə Azərbaycan yığmasının baş məşqçisi, Əməkdar məşqçi Çingiz Eyvazovla hazırlaşıb.
Tanınmış idmançı öz tələbələrinin nailiyyətlərindən də danışıb:
“Bu yaxınlarda tələbəm, kikboks üzrə respublika çempionu Quliyev Amin Dünya Oyunlarında qalib olub, digər idmançılarımız Kamil Şərifov və Azər Aslanov da qalib oldu”.
Elvin Əhmədov
www.oxu.az