"İndi bizim üçün olduqca həssas bir məqamdır".
Oxu.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"a yeni təyin olunmuş ukraynalı baş məşqçisi Yuri Maksimov klubun rəsmi mətbuat xidmətinə verdiyi açıqlamasında səsləndirib.
Ölkəmizdəki əvvəlki fəaliyyət dövrünü yada salan təcrübəli mütəxəssis bunları bildirib:
"Mən Azərbaycanda ilk dəfə çalışmıram. Daha öncə burada fəaliyyət göstərdiyim üçün yerli mentalitetə bələdəm, eyni zamanda futbolçuların bir qismini yaxşı tanıyıram. Üstəlik, Bakıda kifayət qədər dostlarım var".
Ukraynalı çalışdırıcı Azərbaycan çempionatının hazırkı səviyyəsinə də diqqət çəkib:
"Tam əminliklə deyə bilərəm ki, Premyer Liqa olduqca maraqlı keçir. Məhz bu inkişafın nəticəsidir ki, Azərbaycanın UEFA Çempionlar Liqasının Liqa mərhələsində layiqli təmsilçisi yer alır".
Y.Maksimov rəhbərlik edəcəyi komandanın daxili potensialı ilə artıq tanış olduğunu vurğulayıb:
"Mən "Araz-Naxçıvan"ın yalnız "İmişli" ilə matçından başqa, bütün digər oyunlarını diqqətlə izləmişəm. Komanda və mövcud heyət barədə əhatəli məlumata sahibəm. Hansı mövqelərdə zəif olduğumuzu, harada rəqibə qarşı üstünlük qazana biləcəyimizi təhlil etmişəm. İndi sadəcə çox işləmək tələb olunur. Sabahdan etibarən kollektivlə birlikdə ilk məşq prosesinə başlayacağıq. Dörd futbolçumuzun milli komandaların düşərgəsində olduğunu nəzərə alsaq, onlar kollektivə daha gec qoşulacaqlar".
Komandanın sükanı arxasına keçən baş məşqçi qarşıdakı əsas hədəfləri barədə açıq danışıb:
"Mövcud vəziyyətdə bir nömrəli tapşırığımız turnir cədvəlinin sonuncu pilləsindən xilas olaraq yuxarı sıralara doğru irəliləməkdir. Bunun üçün ilk növbədə komanda öz gücünə inanmalıdır. Biz bacardığımız qədər üst pillələrə qalxmağı hədəfləyirik. Hazırda bizim üçün həqiqətən çox həssas bir dövrdür. Bir daha qeyd edirəm, qarşıdakı yol heç də asan olmayacaq. Çempionatda kəskin rəqabət var, bütün rəqiblər kifayət qədər güclüdür və hər birinin qarşısında konkret məqsədlər dayanıb".
"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Y.Maksimov müxtəlif illərdə "Vorskla", "Dnepr-1", "Polose", "Taraz", "Mordoviya", "Metallurq", "Krivbass", "Obolon", ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb.
58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər "Keşlə" (indiki "Şamaxı") klubunun baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb.
