Kilian Mbappe və Arda Gülər Mourinyonun "Real Madrid"ə mümkün təyinatından sonra toxunulmaz futbolçular sırasında göstərilirlər.
Oxu.Az xəbər verir ki, İspaniya mətbuatında yer alan məlumatlara görə, Mbappenin "Real Madrid"in uzunmüddətli layihəsindəki ən önəmli parçalardan biri olacağı, Arda Gülərin isə komandada qalması gözlənilən gənc ulduzlar arasında yer aldığı vurğulanır.
Mourinyonun "Real Madrid"ə qayıtma ehtimalı Arda Gülərin komandadakı rolunu yenidən müzakirə mövzusu edir. Lakin mövcud iddialara əsasən, gənc ulduzun gələcəyi risk altında deyil, əksinə, o, yeni dövrdə daha dəqiq bir planın parçası ola bilər.
Ən təəccüblü məqam isə Vinisius Juniorla bağlıdır. Mourinyonun braziliyalı ulduzun satışına razılıq verə biləcəyi iddia olunur.
Vinisiusun satışından əldə olunacaq ehtimal edilən gəlirlə "Real Madrid"in yarımmüdafiə xəttinə böyük sərmayə yatıracağı gözlənilir. Bu transferdə ön plana çıxan əsas ad isə "Çelsi"nin futbolçusu Entso Fernandesdir. Argentinalı futbolçunun uzun müddətdir "Real Madrid"də oynamaq arzusu ilə yaşadığı iddia edilir. Entsonun transfer dəyərinin çox yüksək olması səbəbindən bu keçidin reallaşması ancaq böyükmiqyaslı bir satışla mümkün görünür.
Mourinyonun yarımmüdafiədə sərtlik, top alma və oyun nəzarətini özündə birləşdirən bir sistem qurmağı hədəflədiyi bildirilir. Bu səbəbdən Orelen Tçuameni və Federiko Valverde kimi adların yeni layihədə önəmli rollar alacağı gözlənilir.
"Real Madrid" üçün yay transfer pəncərəsi olduqca hərəkətli keçə bilər. Mourinyonun qayıdışı dəqiqləşərsə, klubda yalnız baş məşqçi dəyişikliyi deyil, eyni zamanda heyət mühəndisliyi baxımından da yeni bir dövr başlaya bilər.