Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin Pekindəki Tyanyanmen meydanındakı Xalq İclasları Evində danışıqlar aparıblar.
Danışıqlardan sonra tərəflər "Çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin formalaşması" haqqında birgə bəyannamə, eləcə də "Hərtərəfli tərəfdaşlığın və strateji qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında" bəyanat qəbul ediblər.
Oxu.Az bu barədə Rusiya KİV-ə istinadən məlumat verir.
Putinin köməkçisi Yuri Uşakov qeyd edib ki, sənəddə Rusiya-Çin münasibətlərinin əsas inkişaf istiqamətləri və beynəlxalq gündəmə dair ortaq baxış müəyyən edilib. Uşakov, həmçinin iddia edib ki, nümayəndə heyətləri enerji sektorunda "çox vacib bir məsələ" barədə razılığa gəliblər.
Bildirilib ki, tərəflər müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalayıblar.
Çin, həmçinin rusiyalılar üçün vizasız rejim müddətini 2027-ci ilin sonuna qədər uzadıb. Beləliklə, Rusiya vətəndaşları ölkədə 30 günə qədər vizasız qala bilərlər, giriş üçün yalnız xarici pasport tələb olunur.
Danışıqların açıq hissəsində Putin bəyan edib ki, Moskva və Pekin arasındakı münasibətlər "misligörünməmiş dərəcədə yüksək səviyyəyə" keçib və "həqiqətən, hərtərəfli tərəfdaşlığın modelinə" çevrilib. O, həmçinin Rusiya ilə Çin əməkdaşlığını "beynəlxalq arenada əsas sabitləşdirici amillərdən biri" adlandırdı və bildirib ki, ölkələr "daha ədalətli və demokratik dünya nizamı" üçün birgə çıxış edirlər.
Öz növbəsində Si Cinpin bəyan edib ki, iki ölkə arasındakı münasibətlər addım-addım hazırkı yüksək səviyyəyə çatıb. Onun sözlərinə görə, dünyanın "cəngəllik qanunları"na qayıtmaq riski ilə üzləşir, Rusiya və Çin arasında dostluq və əməkdaşlıq müqavilə isə bu fonda xüsusi dəyər qazanır.
Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Pekində görüşüblər.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Cinpin Putini Tyanyanmen meydanında qarşılayıb və liderlər əl sıxışıblar. Həmçinin Rusiya liderini hərbi qarovul və orkestr qarşılayıb. Meydan qırmızı xalça ilə döşənib.
Görüş zamanı Putin Cinpini 2027-ci ildə Rusiyanı ziyarət etməyə dəvət edib və onu əziz dostu adlandırıb.
Vladimir Putin Rusiya-Çin danışıqlarının məzmun baxımından əhəmiyyətli olduğunu, dialoqun etimad əsasında aparıldığını bildirib.
"İndicə (Çin sədri Si Cinpinlə) ənənəvi dostluq və etimad şəraitində ikitərəfli əməkdaşlığın vacib məsələləri üzrə məhdud formatda məzmunlu danışıqlar apardıq. İndi isə onları daha geniş formatda müzakirə edəcəyik", - deyə Rusiya lideri qeyd edib.