Bakı-2015 Avropa Oyunlarını səbirsizliklə gözləyən Avropa Velosiped İdmanı İttifaqı (UEC) bu yaxınlarda həyata keçirilmiş Azərbaycan Turunun yüksək səviyyədə təşkil olunmasını tərifləyib.
UEC-in prezidenti Devid Lappartient “Bakı şəhərinin gözəlliyi” barədə məlumat verib və əlavə edib ki, yarışın növbəti ilin Avropa Oyunlarında da nəzərə alınacağına ümid bəsləyir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) velosipedçilərin vaxt və məsafə ilə ölçülən yarış marşrutunu yekunlaşdırmaq üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə müfəssəl müzakirələr aparır və marşrutun tezliklə təsdiq ediləcəyinə ümid bəsləyir.
Azərbaycan Velosiped İdmanı Federasiyasına ünvanladığı məktubda cənab Lappartient deyib:
“UEC-in adından mən 2014-cü il Azərbaycan Turunun əla təşkil olunmasına görə sizi ürəkdən təbrik etmək istəyirəm.
Mən vurğulamaq istəyirəm ki, ‘Eurosport’ televiziya kanalı tərəfindən yayımlanan təsvirlərdə Bakı şəhərinin gözəlliyi ilə birlikdə onun müasir və modern tərəfləri ön plana çəkilərək diqqətə çatdırılmışdır və biz ətrafına qala divarları ilə çəkilmiş şəhəri, Şirvanşahlar Sarayını, onun minillik tarixini əks etdirən möhtəşəm yerləri kəşv edəcəyimizə əmin ola bilərik”.
Cənab Lappartient deyib ki, sözügedən marşrut Bakı-2015 Avropa Oyunlarında bir daha istifadə olunacaq ki, “bütün iştirakçılar Bakı şəhərini kəşf edə və Azərbaycanda velosiped idmanının inkişafına öz töhfələrini verə bilsinlər”.
Eyni zamanda, o, BEGOC kollektivinə uğurlar diləyib və əlavə edib:
“Mən çox ümidvaram ki, bu Bakı-2015 Avropa Oyunları Azərbaycanda müvəffəqiyyətlə keçiriləcək və yüksək uğur qazanacaq”.
Azərbaycan Turu beş mərhələdən ibarət olub və 23 ölkənin 25 komandasını təmsil edən 150 idmançını əhatə edib.
Azərbaycanın yeddi rayonundan keçən yarış may ayının 11-də Bakı şəhərində başa çatıb və qalib Rusiyanın RusVelo komandasının üzvü İlnur Zakarin olub.
Avropa Oyunlarında velosiped idmanı növlərinə BMX, dağ velosiped, vaxt və məsafə ilə ölçülən velosiped idmanı yarışları daxildir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman Dirktoru Piers O’Kallaqan deyib:
“Azərbaycan Turu ölkənin gözəlliyini və Bakı şəhərinin ən yaxşı cəhətlərini dünyaya nümayiş etdirən effektli və parlaq bir yarış olub.
Biz vaxt və məsafə ilə ölçülən yarış marşrutunu yekunlaşdırmaq üçün Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində işləyirik və cənab Lappartientin Azərbaycan Turu ilə bağlı söylədiyi xoş sözləri nəzərə alacağıq”.