"Bizdə nə etsən, yaxşı mənada reaksiyalar olur. Hərdən fikirləşirsən ki, nə edim? Millinin məşqçisi iki yerdə işləyəndə deyirlər ki, milliyə vaxt çatdıra bilmirsən. İşini görürsən, futbolçunu izləməyə gedirsən, deyirlər ki, gəzməyə gedib. Sanki Avropanı görməmişik".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan-Tacikistan arasında keçiriləcək yoldaşlıq oyunundan əvvəl millimizin baş məşqçisi Ayxan Abbasov deyib.
O bildirib ki, futbolçuları izləmək və klublarla görüşmək milli komandanın məşqçisi kimi gördüyü işlərdəndir:
"Hansı komandalara getmişiksə, orada futbolçuya münasibət dəyişib. Polşa klubunda olduq, klub prezidenti ilə görüşdük. Mahir haqda onlardan o sözləri eşitmək məni sevindirirdi. Mahiri komandanın lideri olacağına inandırıblar. Onu gələcəkdə birdəfəlik almaq istəyirlər. Digər oyunçular haqda bizdən soruşdular. Burada pis bir şey yoxdur. "Bursaspor"da da olduq. Toraldan çox şey gözləyirlər, adaptasiya prosesi gedir. Bu, bizim işimizdir, etməliyik".
"Əslində, Toralın başqa təklifləri var idi. Amma "Bursaspor"u seçdi. Onu da orada izləmişik. Məsələn, son matçda 37 dəqiqə oynadı, iki dəfə baxmışam oyuna. Nəyə görə 37-ci dəqiqədə onu əvəzlədilər? İki legioneri dəyişib, iki yerli oyunçunu meydana buraxdılar. Bəlkə, öz millətlərinə qarşı sevgi daha çoxdur. Toral milliyə həvəsli gəlib, bizim üçün dəyərli oyunçudur", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, "Palm Sport Arena"da keçiriləcək Azərbaycan-Tacikistan yoldaşlıq oyunu sentyabrın 23-də saat 20:00-da start götürəcək.