Rusiya Minifutbol Assosiasiyasının prezidenti Emil Əliyev təşkilatın hesabat-seçki konfransı zamanı yenidən bu vəzifəyə seçilib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
"Emil Əliyev növbəti beşillik dövr üçün assosiasiyanın prezidenti seçilib", - deyə Rusiya Minifutbol Assosiasiyasının əməkdaşı bildirib.
Əliyev 2011-ci ildən Rusiya Minifutbol Assosiasiyasına rəhbərlik edir. O, 2016 və 2021-ci illərdə də bu vəzifəyə yenidən seçilib. Əliyev daha əvvəl, 2003-cü ildən Superliqanın icraçı direktoru vəzifəsində çalışıb, 2005-ci ildə isə Rusiya Minifutbol Assosiasiyasının baş direktoru olub.
Qeyd edək ki, Emil Əliyev əslən Bakıdandır. O, 1978-ci ildə Azərbaycan paytaxtında anadan olub. Pedaqoji elmlər doktoru, professor, Rusiyanın əməkdar bədən tərbiyəsi xadimi olan Əliyev həmçinin bədən tərbiyəsi və idman sahəsində bir sıra elmi əsərlərin müəllifidir.