Azərbaycan millisinin sabiq üzvü Elvin Quliyev Finlandiyanın futzal millisindən təklif alıb.
Bu barədə Elvin Quliyev Oxu.Az-a açıqlama verib.
O bildirib ki, məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında bitirib:
"Orada olanda mənimlə işləmək niyyətlərini vurğulayıb, dil biliklərimi təkmilləşdirməyimi istədilər. Məni Finlandiya milli komandasına namizəd kimi düşündüklərini deməmişdilər. Məndən məlumatlarımı istədilər, əməkhaqqı gözləntilərimi soruşdular. Məlumatlarım onların sisteminə yerləşdirilib. Federasiyadan yekun qərar barədə mənə məlumat veriləcək".
Qeyd edək ki, həmyerlimiz futzal üzrə məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçib və yekunda UEFA-nın "B" lisenziyasını alıb.
Xatırladaq ki, Elvin Quliyev "Turan AİR", "Asfarma", TT, "Neftçi" İSM, "Əmrahbank", "Baku Fire", "İtaldizayn" klublarının formasını geyinib, Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. O, müxtəlif illərdə Azərbaycan millisinin heyətində də çıxış edib.
Murad Nəsimi