Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıdakı “Formula-1”in qalibi kim ola bilər? - TƏHLİL
Sabahdan Azərbaycanda “Formula-1” və “Formula-2” yarışlarına start veriləcək.
“Formula 1”in saytında builki Azərbaycan Qran-Prisinin favoritləri haqqında geniş məqalə yazılıb.
Oxu.Az həmin məqalənin tərcüməsini təqdim edir:
Builki “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin favoritləri
Bu həftə “Formula-1” yüksək sürətli şəhər treki olan Bakı Şəhər Halqasına qayıdır. İndiyədək burada keçirilmiş üç yarış “Formula-1” tarixində proqnozlaşdırılması çətin və ən xaotik yarışlardan olub. Buna baxmayaraq, biz yenə də builki yarışın nəticələrinə dair bəzi təxminlər edə bilərik...
Bu il poulu kim qazana bilər?
İndiyədək Bakıda üç dəfə poul qazanılıb və hər dəfəsində buna fərqli pilot yiyələnib. İlk yarışda – 2016-cı ildə Niko Rosberq, 2017-ci ildə Luis Hamilton və 2018-ci ildə Sebastian Fetel sıralanma turunda ən sürətli nəticə göstərərək yarışa ən öndə start verib.
Bu il Hamilton və ya Fetel buna yiyələnsə, bizim üçün sürpriz olmayacaq. Bu arada, onu qeyd edək ki, Fetel Bakıda indiyədək keçirilmiş hər üç Qran-Pridə qriddə yarışa ilk “dördlük”dən başlamış yeganə pilotdur. Digər tərəfdən, “Honda” bu həftə Bakıya daxili yanma mühərrikində bəzi dəyişikliklərlə gəlir və bu da Maks Verstapenin ilk poul arzusuna çatmasına kömək göstərəcək.
“Mercedes”in digər pilotu Valteri Botas cari mövsümün ən sonuncu yarışı olan Çin Qran-Prisində poula yiyələndi və bu baxımdan, Bakıya yüksək əhval-ruhiyyədə gəlir. Valteri Botas “Mercedes” komandasının sürücüsü kimi Bakıda mübarizə apardığı hər iki Qran-Pridə yarışa ilk “üçlük”də start verib. Finlandiyalı sürücü bu həftə karyerasının ikinci poulunu əldə edə biləcəkmi?
Qələbə üçün kimin şansı çoxdur?
Bakıda üç yarış və hər yarışda da fərqli qalib... Və onlardan sadəcə biri bu bazar keçiriləcək yarışın favoritlərindən sayılır. Qaliblərdən Rosberq 2016-cı ildə Avropa Qran-Prisində qələbə qazandıqdan sonra həmin mövsümün sonunda karyerasına son verdi. Buna görə onu bu siyahıdan çıxara bilərik.
2017-ci ildəki Azərbaycan Qran-Prisinin qalibi Daniel Rikkardo yarışa 10-cu yerdə başlamışdı və hazırda “Reno” komandasında bunu təkrarlaması imkansız görünür. Ötənilki yarışın qalibi Luis Hamilton ondan əvvəlki iki yarışda beşinci yerdən daha yaxşı nəticədə yarışı başa vura bilməmişdi.
Bizim tövsiyəmiz odur ki, bu həftəsonu Valteri Botas və Şarl Lekleri xüsusi diqqətlə izləyin. Lekler Bakıda yaxşı formadadır. Xatırlayın, 2017-ci ildəki “Formula-2” yarışından bir neçə gün əvvəl atasının ölümünün verdiyi dərin hüznə baxmayaraq, qələbə qazanmışdı. Ötənilki Azərbaycan Qran-Prisində isə o, “Formula-2”dəki ilk çıxışında “Zauber” pilotu olaraq yarışı altıncı yerdə başa vurmuşdu. “Ferrari”nin düzlüklərdəki yüksək sürəti və döngələrdəki inkişaf etmiş performansı Lekleri bu həftənin favoritlərindən biri edir.
Hamilton ötən il Bakıda keçirilən Qran-Pridə yarışın sonlarına doğru Botasın yaşadığı təkərin deşilməsi problemindən sonra qələbəyə yiyələnə bilmişdi. Keçənilki yarışı Botas birinci yerdə bitirsəydi, həmin mövsümün ilk qələbəsinə yiyələnəcəkdi. Deməli, bu il Botas Bakıya daha böyük qələbə arzusu ilə gəlir.
“Red Bull”a gəlincə, ötən il bu komandanın pilotları Daniel Rikkardo və Maks Verstapen ən uzun sürətlənmə düzlüyünün sonunda döngəyə yaxınlaşarkən toqquşdular və hər ikisi yarışı başa vura bilmədi. Bu hadisədə komanda hər iki pilotu oxşar dərəcədə günahkar saydı. Bu həftə Bakıda baş tutacaq “Formula-1” yarışı “Red Bull”un bu mövsümdə indiyədək qələbə qazana bilmək şansı ən yüksək olan Qran-Pri yarışıdır.
Podiuma ən yaxın kimdir?
Serxio Peres. Əslində, o, podiumdan çox az kənarda qalır. Bakıda indiyədək keçirilmiş üç yarışda meksikalı pilot iki dəfə (2016 və 2018) podiuma çıxıb və bu göstərici ilə o, Bakıdakı yarışlarda ən çox podium qazanmış “Formula-1” pilotudur.
Peresin “Racing Point”dəki yeni komanda yoldaşı Lens Strol da 2017-ci ildə Bakıda podiuma çıxa bilib. Onlar komandada bir-biri ilə çox yaxşı anlaşırlar və bu, onların 2019-cu ildə podium naminə əməkdaşlığına uğurlu təsir göstərəcək.
Digər komandalar da, əlbəttə, həvəsləndirilməlidirlər. Ona görə ki, Bakıda keçirilmiş ilk yarış – 2016 “Formula-1” Avropa Qran-Prisindən bu yana baş tutmuş 58 yarışın, sadəcə, üçündə “Ferrari”, “Red Bull” və “Mercedes” xaricindəki komandaların pilotları podiuma çıxa bilib və məhz bunlar da sırf Bakıda reallaşıb.
Bundan daha maraqlısı odur ki, indiyədək podiuma çıxmış doqquz pilotdan beşi yarışa ilk “beşlik”dən arxada start verib. Builki dəyişikliklərin DRS-ə olan güclü təsiri pilotlara Neftçilər prospektindəki 2,2 km-lik sürətlənmə düzlüyündən daha yaxşı yararlanmağa kömək göstərəcək. Nəticədə, builki Azərbaycan Qran-Prisi orta səviyyədə olan komandalar üçün də podiuma çıxmaq imkanı yaradır.
Bu arada, onu qeyd edim ki, Bakı Şəhər Halqası son iki mövsüm ərzində ötmələr baxımından “Formula-1” təqvimində yer alan treklər arasında ən yüksək göstəriciyə sahibdir. Bu göstərici 2017-ci ildə 42, 2018-ci ildə 50 təşkil edib. 2016-cı ildəki ilk yarışda mövsümün ən çox ötmələrə şahidlik etdiyi trek olmasa da, 62 ötmə ilə həmin mövsümün qabaqcıllarından olub.
Kimlər yarışdan xal qopara biləcək?
Adətən, bu məqamda Niko Hulkenberq yada düşür, lakin bu dəfə istisna təşkil edə bilər. Azərbaycandakı son iki yarışda almaniyalı pilot bolidini iki dəfə divara vurub. Hər dəfəsində də bu, onun yarışı beşinci sırada başa vurması ilə nəticələnib. Bu baxımdan, Nikodan yana mərcə girməyə dəyər.
Nikonun komanda yoldaşı Daniel Rikkardo Bakıda ötən il keçirilmiş Qran-Prinin qalibidir və o, həmin mövsüm ərzində xeyli xal yığa bilmişdi. Bundan başqa, Karlos Saynsın da bu həftəsonu xal qazanmaq şansı var. İspaniyalı pilot son iki mövsümdə yarışı ilk “onluq”da başa vura bilib. Onu qeyd edim ki, “McLaren”in bolidi Bakının uzun sürətlənmə düzlüyündə yaxşı nəticə əldə edə biləcək səviyyədədir.
“Haas”a gəldikdə, bu komandanın texniki heyəti Azərbaycan Qran-Prisinin onlar üçün çətin keçəcəyi qənaətindədirlər. Onlar üçün əsas məsələ hər iki pilotun – Romen Qrojan və Kevin Maqnusenin bolidlərindəki təkər problemlərini tezliklə aradan qaldırmaqdır. Bu baxımdan, bazar günü onlar üçün gərgin və uzun keçəcək.
Səbuhi MUSAYEV
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər