Dünya iqtisadi böhranı Birinci Avropa oyunlarının büdcəsinə təsir göstərməyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS agentliyinin əməkdaşı ilə söhbətində Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, oyunların tam büdcəsi planlaşdırılmamış xərclərlə birlikdə 1,174 milyard manat (1,12 milyard dollar) təşkil edib. Büdcənin əsas hissəsi 960 mln manata (915,8 milyon dollar) bərabər olub.
“Əgər siz neftin qiymətinin düşməsini nəzərdə tutursunuzsa, iqtisadi böhran Avropa oyunlarının təsdiq edilmiş büdcəsinə heç cür təsir göstərə bilməzdi. Bu məbləğ ilk başdan büdcəyə salınmışdı. Əgər bu büdcə tutulubsa, onda bizim ölkədə bu o deməkdir ki, büdcə neftin qiymətinin düşməsindən asılı olmayaraq yerinə yetiriləcək”,- deyə Rəhimov vurğulayıb.
Gənclər və idman naziri vurğulayıb ki, mövcud büdcəni manatın 30-33% devalivasiyası dəyişə bilərdi.
“Bu, xaricdən təchizatla bağlı bir çox sazişlərə təsir edə bilərdi. Amma mən sizə deyə bilərəm ki, ölkə büdcəsindən - nə maliyyə nazirliyindən, nə də hansısa xüsusi fondan biz bir dollar belə artıq pul istəməmişik. Manatın devalvasiyası, açılış mərasiminin xərcləri ilə bağlı vəziyyət büdcəyə, demək olar ki, heç təsir göstərməyib. Biz ilkin səsləndirilmiş rəqəmin çərçivəsində qaldıq”.
Nazirin sözlərinə görə, açılış və bağlanış mərasimi üçün ümumilikdə 100 milyon manatdan (95 mln. dollar) az vəsait xərclənib və buna görə büdcədən əlavə vəsait istənilməyib.
Manatın devalvasiyası nəticəsində büdcədə yaranmış fərq isə 134 mln. manat (128 mln. dollar) təşkil edib ki, bu vəsait də Maliyyə Nazirliyindən əlavə olaraq istənilməyib və büdcəyə qənaət hesabına sərf olunub.
“Nəticədə 243 mln. manat vəsait yaranıb ki, biz bu məbləği dövlət yox, büdcəyə qənaət hesabına əldə etmişik, - deyə, nazir bildirib. Beləliklə, yuxarıda göstərilmiş xərcləri nəzərə almaqla, büdcə ilkin səviyyədə qalıb və 960 mln. təşkil edib. Biz isə, ƏDV-ni nəzərə almaqla, 300 mln.-dan çox qənaət etmişik”.