İngiltərə milli futbol komandasının müdafiəçisi Con Stounz 2026-cı il dünya çempionatı zamanı sürət həddini aşması ilə bağlı polisdən gələn məktubu qaçırıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu səbəbdən məsələ məhkəməyə qədər gedib çıxıb və futbolçuya daha böyük məbləğdə cərimə kəsilib.
Hadisə may ayında baş verib. Stounz Çeşir qraflığında özünə məxsus "Range Rover" markalı avtomobillə sürət həddini 21 km/saat aşıb. O, polisdən gələn ilk məktuba cavab verərək sükan arxasında olduğunu təsdiqləyib. Bundan sonra ona sabit cəriməni (İngiltərədə bu, adətən 100 funt sterlinq və üç cərimə balı təşkil edir) ödəmək təklifi ilə daha bir məktub göndərilib. Lakin həmin vaxt artıq milli komandanın düşərgəsinə yollanan Stounz bu mesaja cavab verə bilməyib.
Nəticədə, yay transfer pəncərəsində "Mançester Siti"dən Milanın "İnter" klubuna keçən futbolçu məhkəmənin sərt qərarı ilə üzləşib. Qərara əsasən, o, 1 052 funt sterlinq (1 400 dollar) məbləğində cərimə ödəməli və dörd cərimə balı almalıdır.
Məhkəmə prosesində Stounz vəziyyətə aydınlıq gətirərək bildirib ki, polisin ikinci məktubundan təsadüfən xəbər tutub. Belə ki, düz dörd ay ərzində onun evində heç kim olmayıb: futbolçu əvvəlcə Şimali Amerikada dünya çempionatında iştirak edib, daha sonra məzuniyyətə yollanıb, ardınca isə yaşamaq üçün Milana köçüb.
Xatırladaq ki, İngiltərə millisi sözügedən dünya çempionatında bürünc medal qazanıb.