2026-cı il futbol üzrə dünya çempionatının I qrupunda II turun Fransa və İraq milliləri arasında keçirilən oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar ABŞ-nin Filadelfiya şəhərində yerləşən "Lincoln Financial Field" stadionunda üz-üzə gəliblər. Qarşılaşmanın baş hakimi kanadalı Dryu Fişer olub. Görüş Fransa millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab 14-cü dəqiqədə açılıb. Fransa millisinin hücumçusu Kilian Mbappe fərqlənib. Qolun ötürməsini isə cinah oyunçusu Maykl Olise verib.
Birinci hissənin sonlarına yaxın Filadelfiyada güclü yağış başlayıb və bu səbəbdən ikinci hissənin startı iki saat təxirə salınıb.
Fasilədən sonra Mbappe daha bir qol vuraraq dubla imza atıb. Bu dəfə ona məhsuldar ötürməni hücumçu Usman Dembele verib. Matçda son nöqtəni isə 66-cı dəqiqədə Dembele özü qoyub. Beləliklə, Fransa millisi 3:0 hesablı qələbə qazanıb. Olise görüşdə ikinci məhsuldar ötürməsini də aktivinə yazdırıb.
Bu qələbə sayəsində Fransa millisi 2026-cı il dünya çempionatının pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
Qrup mərhələsinin III turunda Fransa millisi iyunun 26-da Norveçlə qarşılaşacaq. İraq yığması isə həmin gün Seneqal millisi ilə üz-üzə gələcək.
Hazırkı dünya çempionu Argentina millisidir.
2026-cı il dünya çempionatının qrup mərhələsinin II turu çərçivəsində Fransa və İraq milliləri arasında keçirilən oyun əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) məlumat yayıb.
Daha əvvəl oyundakı fasilənin ən azı 30 dəqiqə davam edəcəyi bildirilmişdi. Tamaşaçılardan tufan təhlükəsi ilə əlaqədar tribunaları tərk etmələri xahiş olunub.
Fransa və İraq milliləri arasındakı görüş ABŞ-nin Filadelfiya şəhərində yerləşən "Lincoln Financial Field" stadionunda keçirilir. Matçın baş hakimi Kanadanın Kalqari şəhərindən olan Dryu Fişerdir.
Birinci hissədən sonra hesab Fransa millisinin xeyrinə 1:0-dır. Oyunda yeganə qolu fransalı hücumçu Kilian Mbappe vurub.